Avropa İttifaqı (Aİ) Rosselxozbankı SWIFT beynəlxalq ödəniş sisteminə yenidən qoşmaqdan imtina edib.
APA xəbər verirr ki, bunu “İzvestiya” qəzetinə Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano deyib.
Diplomat vurğulayıb ki, SWIFT ilə əlaqənin kəsilməsi Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat (SVO) keçirməsinə cavab olaraq Avropa ölkələri və onların müttəfiqləri tərəfindən tətbiq edilən sanksiyaların bir hissəsidir.
Qeyd olunub ki, sadalananlar yalnız münaqişə bitdikdən sonra yumşala və ya ləğv edilə bilər.
Stano qeyd edib ki, ərzaq və kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə ixracına yeganə maneə Ukraynadakı vəziyyətdir və bu, beynəlxalq ərzaq təhlükəsizliyinin onsuz da ciddi problemlərini daha da dərinləşdirib.
“Aİ sanksiyaları üçüncü ölkələrlə Rusiya arasında kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən buğda və gübrə ticarətinə şamil edilmir, onlar arasında ödəniş variantları hələ də mövcuddur”, - deyə nümayəndə yekunlaşdırıb.