Rusiyanın Ukraynaya təcavüzünün ildönümü ilə əlaqədar Avropa İttifaqı fevralın 22-də İstanbulda beynəlxalq sammit keçirməyi planlaşdırır.
APA "Daily Sabah"a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Türkiyədəki Nümayəndəliyinin rəhbəri Nikolaus Meyer-Landrut deyib.
O, müharibənin geosiyasi və iqtisadi nəticələrinin müzakirə olunacağı sammitdə Ukrayna hökumətinin rəsmilərinin dəvət ediləcəyini, Türkiyə nümayəndələrinin də iştirak edəcəyini bildirib.
“Bu, həm də Ukraynaya dəstəyimizi ifadə etmək üsuludur. Keçən il fevralın 24-də Rusiya təcavüzünün başlanması Avropa tarixində həlledici məqam oldu. İnsanlar tez-tez 11 sentyabr hadisələrinin Amerikanın təhlükəsizlik tarixi üçün dəyişiklik anı olduğunu söyləyirlər. Deyərdim ki, 24 fevral 2022-ci il tarixi də Avropa üçün oxşar mühüm məna kəsb edir. Bizim qitəmizdə böyük müharibə gedir və onun nəticələri Avropa qitəsindən çox-çox kənarda da hiss olunur”, - o qeyd edib.