Batumidə yaşayış binasının çökməsində təqsirli bilinərək saxlanılmış Azərbaycan vətəndaşı Zaur Budaqov və Gürcüstan vətəndaşı olan ata və oğul Giorgi və Hussain Surmanidzelərin məhkəməsi keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, Batumi Şəhər Məhkəməsində keçirilən iclasa hakim Kote Çilaia sədrlik edib.
Dövlət ittihamçısı bildirib ki, istintaq çərçivəsində aparılmış ekspertiza nəticəsində hadisənin binanın birinci mərtəbəsində yerləşən mənzildə dayaq divarının sökülməsi nəticəsində baş verməsi müəyyən edilib.
Bununla belə mənzil sahibi Z. Budaqov və onun təmir işləri aparması üçün işə götürdüyü ata və oğul Giorgi və Hussain Surmanidzelər hadisə ilə əlaqədar özlərini təqsirkar bilməyiblər.
Saxlanılan Gürcüstan vətəndaşlarının vəkilləri bildirib ki, müdafiə tərəfi ekspertizanın müəyyən etdiyi kimi hadisənin Z. Budaqovun mənzilində aparılan təmir işləri zamanı dayaq divarının sökülməsi nəticəsində baş verməsi faktı ilə razıdır, lakin bu məsələdə məsuliyyəti ustalar deyil, mənzil sahibi daşıyır.
İclasda vəkilllər müttəhimlərin girov müqabilində azadlığa buraxılması üçün vəsadət qaldırsa da, hakim Kote Çilaia vəsadəti təmin etməyib və hər üç şəxsin həbsdə saxlanılmasına qərar verib.
Məhkəmədə yekun qərar qəbul edilməyib, növbəti iclas 26 yanvar tarixinə təyin edilib.
İclasının keçirildiyi bir vaxtda hadisə nəticəsində həlak olanların ailə üzvləri və yaxınları məhkəmə binasının yaxınlığında etiraz aksiyası keçiriblər.
Onlar günahkarların ən ağır cəzaya məhkum edilməsini tələb ediblər.
Xatırladaq ki, ötən il oktyabrın 8-də Batuminin 26 May küçəsində yerləşən binanın bloklarından birinin çökməsi nəticəsində aralarında azyaşlılar da olmaqla 9 nəfər həlak olub, daha bir nəfər isə yaralanıb. Faciə ilə əlaqədar oktyabrın 11-də Gürcüstanda matəm elan edilib.