Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası cümə günü BVF-nin sürətləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində Ukraynaya 1,3 milyard dollar vəsaitin ayrılmasını təsdiqləyib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın cümə günü yaydığı məlumatda deyilir.
Sənəddə qeyd edilir ki, vəsait ölkənin “tədiyyə balansının maliyyələşdirilməsi ilə bağlı bütün ehtiyacların ödənilməsinə”, xüsusən də qida sektorunda istifadə olunacaq. Təşkilatın fikrincə, bu məbləğ həm də “Ukraynanın kreditorları və donorlarının gələcək maliyyə dəstəyi üçün stimullaşdırıcı rol oynayacaq”.
Fondun proqnozlaşdırdığı kimi, 2022-ci ildə ölkənin ÜDM-i 35% azalacaq. Mart ayında BVF Kiyev üçün 1,4 milyard dollar fövqəladə maliyyələşdirməni təsdiqləyib.