Çexiyanın baş naziri Petr Fiala israilli həmkarı Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
APA xəbər verir ki, o, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) prokurorunun yəhudi dövlətinin hökumət başçısının həbsinə order verilməsi ilə bağlı tələbini müzakirə edib.
“Biz Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun dünənki mübahisəli və qeyri-müəyyən qərarının nəticələri, həmçinin Qəzzada humanitar vəziyyət və ümumiyyətlə, Yaxın Şərqdəki cari hadisələr haqqında danışdıq”, - Fiala X-də yazıb.
Bazar ertəsi Çexiyanın Baş naziri BCM prokurorunun hərəkətlərini tənqid edərək, onları hədsiz və tamamilə qəbuledilməz adlandırıb.
Mayın 20-də BCM-nin prokuroru Kərim Xan Məhkəməyə qədər Palatadan Netanyahu və İsrailin müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsini istəyib. Onun sözlərinə görə, prokurorluq Netanyahu və Qalantın "ən azı 2023-cü il oktyabrın 8-dən Fələstin ərazisində (Qəzza zolağında) törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığını" göstərən sübutlar toplayıb. Eyni zamanda, prokuror Fələstinin HAMAS radikal hərəkatının üç liderinin həbsinə order verilməsini tələb edib.