“Keçmişində müstəmləkəçilik, qətliam, soyqırımı, işğal izi olmayan bir millət kimi dostlarımıza bütün səmimiyyətimizlə birgə mənfəət əldə etməyi təklif edirik. Bu təklifi Qafqazda, Balkanlarda, Orta Asiyada olduğu kimi Şimali Afrikada, Cənubi Asiyada, Güney Amerikada da irəli sürürük”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “IDEF-2021” 15-ci beynəlxalq müdafiə sənayesi sərgisində danışarkən bildirib.
R.T.Ərdoğan deyib ki, Türkiyə müdafiə sənayesi sahəsində əldə etdiyi hər bir imkanı dost ölkələrlə məmnuniyyətlə paylaşır: “Bu paylaşım bizim vazkeçilməzliyimizdir. Bir damla nefti bir damla qandan dəyərli görən düşüncə bizim dövlət və cəmiyyətimizdən uzaqdır. Biz sərhədlərimizdən minlərlə kilometr kənarlarda insanların başına bomba yağdıran ölkələrdən olmadıq, olmayacağıq”.
Prezident Ərdoğan Türkiyənin müdafiə sənayesində xaricdən asılılığın 80 faizdən, 20 faizə qədər endirildiyini deyib: “Müdafiə sənayesində bu günün ehtiyacını qarşılamaqla yanaşı, artıq gələcək üçün istehsal bazası yaradırıq. Müdafiə sənayesi sahəsində quru, hava və dəniz sahəsində iddialı layihələr hazırlayırıq. Pilotsuz uçuş aparatları hava vasitələri (PUA) quruda və dənizdə əldə etdiyimiz səviyyənin başındadır. PUA-ların istehsal və satışında Türkiyə dünyanın 3-4 ən yaxşı ölkələri sırasındadır”.