"Euronews" İpək Yolu boyunca Çindən Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Avropaya qədər yayılan xəmir yeməklərinin tarixi ilə bağlı geniş reportaj hazırlayıb.
Reportajda qeyd olunur ki, Çin mətbəxində yaranan və zamanla müxtəlif xalqların kulinariya ənənələrinə uyğunlaşan bu yeməklər ticarət yolları boyunca fərqli adlar, formalar və hazırlanma üsulları qazanıb. Nəşr bu marşrutu "Dumpling Belt" ("Xəmir yeməkləri kəməri") adlandırır.
Məqalədə Azərbaycanın bu kulinariya xəritəsində xüsusi yer tutduğu vurğulanır. Bildirilir ki, Azərbaycan mətbəxində düşbərə və gürzə ənənəvi xəmir yeməklərinin ən məşhur nümunələrindəndir. Düşbərənin çox kiçik hazırlanması, gürzənin isə ilan formasını xatırladan xüsusi bükülüşü bu yeməkləri fərqləndirən əsas xüsusiyyətlər kimi təqdim olunur.
Reportajda Bakı Kulinariya Assosiasiyasının prezidenti, aşpaz İlkin Əkbərzadənin fikirlərinə də yer verilib. O bildirib ki, bu tip yeməklərin kökü Asiyaya, xüsusilə Çinə gedib çıxsa da, zamanla hər xalq onları öz mətbəxinə uyğunlaşdırıb.
İlkin Əkbərzadənin sözlərinə görə, Azərbaycanda düşbərə, gürzə və digər xəmir yeməkləri əsasən qış aylarında hazırlanır və orqanizmi isinməyə kömək etdiyi üçün daha çox soyuq mövsümdə süfrəyə verilir.
Euronews reportajda daha sonra Özbəkistan və Qazaxıstandakı mantı ənənələrinə, eləcə də bu yeməyin ailə dəyərləri və qonaqpərvərlik simvolu kimi qəbul olunmasına toxunur. Bildirilir ki, mantının hazırlanması bu ölkələrdə nəsildən-nəslə ötürülən ailə ənənələrindən biridir.
Reportajın sonunda qeyd olunur ki, İpək Yolu boyunca səyahət edən bu sadə kulinariya ideyası zamanla İtaliyada ravioli və tortelliniyə, Polşada piroqiyə, Rusiyada pelmeniyə, Böyük Britaniyada isə müxtəlif xəmir yeməklərinə çevrilib.
Nəşrin qənaətinə görə, xəmirin içərisinə müxtəlif içliklərin qoyulması ideyası minlərlə kilometr yol qət edərək müxtəlif mədəniyyətlərin ayrılmaz hissəsinə çevrilib və bu gün də xalqları birləşdirən ortaq kulinariya irsinin nümunəsi hesab olunur.