Finlandiya Murmanskdakı konsulluğunun fəaliyyətini dayandırıb

Finlandiya Murmanskdakı konsulluğunun fəaliyyətini dayandırıb
# 18 yanvar 2023 16:50 (UTC +04:00)

Finlandiya Rusiyadakı konsulluğunun fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

APA xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Xarici İşlər Nazirliyi Sankt-Peterburqdakı Baş konsulluğun nəzdində fəaliyyət göstərən Murmansk ofisini müvəqqəti bağlamaq qərarına gəlib. Xarici İşlər Nazirliyi hesab edir ki, hazırda Finlandiyanın Murmanskda ofisə ehtiyacı yoxdur, çünki ofisin əsas vəzifələri əhəmiyyətli dərəcədə azalıb. Lazım gələrsə, ofis sonradan açıla bilər”, - XİN-in məlumatında qeyd olunub.

Bildirilib ki, bu qərar yalnız Murmansk ofisinə aiddir və Finlandiyanın Rusiyadakı digər nümayəndəlikləri fəaliyyətini davam etdirəcək.

Finlandiya Rusiyada Sankt-Peterburqdakı Baş konsulluq və onun nəzdində fəaliyyət göstərən Petrozavodsk ofisi ilə təmsil olunur.

"Nazirliyin qərarı Rusiyanın Finlandiyadakı diplomatik nümayəndəliklərinin fəaliyyətinə təsir göstərmir. Xarici İşlər Nazirliyi davamlı olaraq nümayəndəliklər şəbəkəsini nəzərdən keçirir və öz resurslarını mövcud ehtiyaclara uyğunlaşdırır", - Nazirlik bildirib.

Məlumatda qeyd olunub ki, Murmanskdakı VFS Qlobal Viza Müraciət Mərkəzi hələ də viza müştərilərinə xidmət göstərir və Finlandiyaya Şengen vizaları üçün müraciətlər əvvəlki qaydada mövcud giriş məhdudiyyətləri çərçivəsində təqdim oluna bilər. Müştərilər əvvəllər Murmansk ofisində həll olunan digər məsələlərlə bağlı Sankt-Peterburqdakı Baş konsulluğa müraciət edə bilərlər.

Qeyd edək ki, konsulluğun Murmansk ofisi 1992-ci ildən fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR