Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin seçilməsi qaydalarının dəyişdirilməsi ilə bağlı qanun layihəsini parlamentə təqdim edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, düzəlişə əsasən MSK sədri və üzvlərini Prezident deyil, parlament sədri seçəcək.
Qanun layihəsinə əsasən parlament spikeri müsabiqə elan edəcək, müsabiqə komissiyası formalaşdıracaq və namizədləri parlamentə təqdim edəcək. Prezidentin müsabiqə komissiyasında yalnız bir nümayəndəsi olacaq.
MSK üzvləri və sədri parlamentin minimum 76 deputatının dəstəyini alacağı təqdirdə 5 il müddətinə vəzifədə qalacaqlar.
Səsvermə zamanı bütün vəzifələr tutulmasa Prezident müsabiqə üçün yeni namizəd təqdim etməlidir və həmin namizəd parlamentdə səsə qoyulmalıdır.
Qeyd edək ki, qanun layihəsi təşəbbüsünü irəli sürən hakim “Gürcü Arzusu” partiyası eyni zamanda parlament çoxluğudur və müvafiq olaraq parlament sədri də hakim partiyanın üzvüdür.
Partiya üzvləri heç bir inkişaf etmiş ölkədə hazırda Gürcüstanda qüvvədə olan hüquqi təcrübənin olmadığını bildiriblər.
Mövcud qanunvericiliyə görə Prezident müsabiqə elan edir, komissiyasını təşkil edir və namizədləri təsdiqlənmələri üçün parlamentə təqdim edir.
Müxalifət qanun layihəsini etirazla qarşılayıb.