Tbilisidə səfərdə olan Fransa xarici işlər naziri Katrin Kolona gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə Cənubi Qafqazda mürəkkəb təhlükəsizlik vəziyyətini müzakirə edib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə nazirlərin birgə mətbuat konfransında Gürcüstanın XİN başçısı İliya Darçiaşvili bildirib.
İliya Darçiaşvili Rusiya-Ukrayna müharibəsi fonunda yeni təhlükəsizlik arxitekturası mexanizmlərinin yaradılmalı olduğunu vurğulayıb.
“Bildiyiniz kimi Rusiyanın suveren Ukraynaya hərbi təcavüzü sadəcə regionumuzda deyil, bütün dünyada təhlükəsizlik arxitekturasını fundamental şəkildə dəyişdirib. Mən inanıram ki, biz bütün regionlarda yeni təhlükəsizlik arxitekturası mexanizmlərinin təmin edilməsi və inkişafı üzərində fəal iş aparmalıyıq”, - deyə Darçiaşvili bildirib.