Niderland polisi Haaqada ifrat sağçı hərəkatların keçirdiyi və iğtişaşlarla müşayiət olunan aksiya zamanı 24 nəfəri saxlayıb.
APA xəbər verir ki, bu barədə Niderland polisi məlumat yayıb.
Bildirilib ki, Maliveld meydanında keçirilən aksiya zamanı vəziyyət gərginləşib və iştirakçıların bir qismi polis əməkdaşlarına qarşı zorakılığa əl atıb. Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına pirotexniki vasitələr atıb, vandalizm aktları törədib və təşkilatçılarla əvvəlcədən əldə edilmiş razılaşmaya baxmayaraq, üzlərini gizlədən geyimlərdən istifadə ediblər.
İctimai asayişin bərpası üçün xüsusi polis bölmələri və su şırnağından istifadə olunub.
Haaqa bələdiyyəsinin rəhbərliyi aksiyanın dayandırılması barədə fövqəladə göstəriş verib. Bu qərar polisin güc tətbiq etmək səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirib. Bundan sonra polis aksiya iştirakçılarını Haaqa Mərkəzi Dəmiryol Vağzalı istiqamətində sıxışdırıb.