“Bildiyiniz kimi, bu kolonial cinayətlərin üzərindən artıq 101 il keçib. Təqribən 1960-cı illərdən etibarən Mərkəzi Afrika ölkələri Belçikadan reparasiyalarla bağlı konkret addımlar gözləyirlər”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.
O bildirib ki, bu məsələdə beynəlxalq hüquq çərçivəsində konkret addımlar atılmalıdır.
“Ən mühüm addımlardan biri Belçika dövlətinin Mərkəzi Afrika ölkələrindən, o cümlədən Konqo Demokratik Respublikasından, Ruandadan və Burundidən dövlət səviyyəsində üzr istəməsi olmalıdır.
Daha sonra təzminatların məbləği müəyyənləşdirilməli, maliyyə təzminatları mərhələli şəkildə bu ölkələrə ödənilməlidir. Sonda isə ən mühüm addımlardan biri bu ölkələrin daxili siyasi məsələlərinə Belçika tərəfindən hər hansı müdaxilənin olmamasının təmin edilməsi və kolonial cinayətlərin təkrarlanmaması üçün hüquqi mexanizmin yaradılması olmalıdır”, - deyə o qeyd edib.