NATO-nun hərbi planlaşdırıcıları Avropa ölkələrinin Rusiya ilə mümkün uzunmüddətli müharibəyə kifayət qədər hazır olmamasından narahatdırlar.
Bu barədə “The Guardian” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, NATO ilə əməkdaşlıq edən hərbi ekspertlər Avropada hərbi koordinasiyanın gələcəyinə həsr olunmuş konfrans zamanı Aİ rəsmilərini Rusiya ilə bağlı informasiya fəaliyyətini gücləndirməyə də çağırıblar.
“The Guardian” NATO planlaşdırıcıları arasında yaranan “hərbi pessimizmin” səbəblərindən biri kimi Avropada sağçı partiyaların populyarlığının artmasını göstərir. Nəşrin məlumatına görə, bu tendensiya Avropanın beş ölkəsindən ibarət koordinasiyalı müdafiə qrupunun yaradılması perspektivini təhlükə altına qoya bilər.
Digər amil kimi Vaşinqtonun Avropadakı hərbi kontingentə dəstəyinin sürətlə azalması göstərilir.
Nəşr qeyd edir ki, mövcud vəziyyət Aİ ölkələrinin nazirləri qarşısında mürəkkəb siyasi vəzifə qoyur. Onlar müdafiə xərclərinin artırılması üçün sosial xərclərin azaldılmasının zəruriliyini buna hazır olmayan seçicilərə izah etməli ola bilərlər.