“Ukraynaya qarşı istənilən aqressiyanın ən ağır iqtisadi və siyasi bədəli olacaq”.
APA-nın xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltenberq Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantikaya inteqrasiya məsələləri üzrə müavini Olqa Stefanişina ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Rusiyanın Ukrayna ətrafında hərbi birləşmələrinin və texnikasının toplandığını bildirən Yens Stoltenberq deyib ki, bir neçə gün öncə NATO XİN başçılarının görüşündə də NATO müttəfiqləri Rusiyanı eskalasiyadan çəkinməyə və hərbi birləşmələrini Ukrayna sərhədlərindən geri çəkməyə çağırıb.
“Ukrayna NATO-nun uzunmüddətli və eyni zamanda çox dəyərli tərəfdaşıdır”, - o vurğulayıb.
Bu həftə Rusiya-NATO Şurasının iclasının keçiriləcəyini xatırladan Baş katib bunu müsbət siqnal kimi qiymətləndirdiyini deyib: “Biz Rusiyanın narahatlıqlarına qulaq asacağıq, lakin mənalı dialoq üçün Rusiya da bizim narahatlıqlarımızı dinləməli və anlamalıdır və Şuranın iclasında da bu ifadə olunacaq”.
NATO Baş katibi münaqişələrin həllinin siyasi yolunun olduğuna əmin olmaq üçün dialoqun vacib olduğunu qeyd edib: “Mənim daha əvvəl də Rusiya rəsmiləri ilə müzakirələrim olub, Norveçin Baş naziri kimi. Güzəşt mümkündür, biz siyasi həll üçün çalışırıq. NATO-Rusiya Şurası dialoq üçün vacib platformadır. Biz bu həftə ərzində keçiriləcək iclasda bütün məsələlərin həll olunacağını gözləmirik, lakin inanırıq ki, dialoq prosesinin davam etdirilməsi və Avropada yeni bir müharibənin meydana çıxmaması üçün davamlı əlaqədə olmağa razılaşa biləcəyik.
Lakin eyni zamanda, biz digər ssenarilərə də, konfrantasiyaya da hazır olmalıyıq. Biz həmrəyik və hər hansı təcavüzə qarşı sərt siyasi, iqtisadi reaksiya verəcəyik. Biz Ukraynanın öz müdafiə qabiliyyətini gücləndirməsi üçün dəstəkləyirik və bu davam edəcək".