“Gürcüstan Çin və Orta Dəhliz üzrə digər iştirakçı ölkələrlə marşrut boyunca konkret və nəzərəçarpan nəticələr əldə etmək məqsədilə sıx əməkdaşlığa hazırdır".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Çində keçirilən Qlobal Dayanıqlı Nəqliyyat Forumunda çıxışında deyib.
O, Çinin Orta Dəhlizin inkişafında əsas hərəkətverici qüvvə olduğunu, Mərkəzi Asiya və Cənubi Qafqazda tərəfdaşlıq əlaqələrinin gücləndirilməsində, həmçinin regionun nəqliyyat əlaqələrinin və qarşılıqlı əlaqəliliyinin artırılmasında mühüm rol oynadığını bildirib.
Nazir Gürcüstanın öz öhdəliklərini yerinə yetirməyə tam hazır olduğunu və artıq onların reallaşdırılması üçün fəal iş apardığını vurğulayıb.
“Gürcüstanda tranzit dəmir yolu daşımaları 14 faiz artıb. Bu cür artım bizdən dəhlizin inkişafının növbəti mərhələsinə hazırlıq tələb edir. Məqsədimiz dəniz və dəmir yolu şəbəkələrinin ötürmə qabiliyyətini ikiqat, ölkənin hava limanı infrastrukturunun ümumi imkanlarını isə üçqat artırmaqdır”, - deyə Mariam Kvrivişvili əlavə edib.