Rişi Sunak Britaniyanın daxili işlər naziri ilə bağlı əlavə araşdırmaya ehtiyac olmadığını deyib.
APA-nın Britaniya bürosunun xəbərinə görə, Britaniyanın Baş naziri Rişi Sunak daxili işlər naziri Suella Bravermanın sürət həddini aşması ilə bağlı əlavə araşdırmaya ehtiyac olmadığını və onun daxili işlər naziri vəzifəsində qalacağını deyib.
Baş nazir daxili işlər nazirinə yazdığı məktubda müstəqil etika müşaviri ilə məsləhətləşdiyini və bu münasibətlə əlavə araşdırmaya ehtiyac olmadığını, onun məsləhətini qəbul etdiyini deyib.
Qeyd edək ki, Suella Braverman 2022-ci ilin iyununda baş prokuror olarkən sürət həddini aşıb. Ona bildiriblər ki, ya sürücülük vəsiqəsində üç bal qəbul edib cərimə ödəyə bilər və ya sürücülük təhlükəsizliyi kursu keçə bilər. O, sonuncuya qərar verərək payız üçün kursa yazılıb.
6 sentyabr 2022-ci ildə daxili işlər naziri vəzifəsinə təyin edildikdən sonra isə, Suella Braverman dövlət qulluqçularından yeni vəzifəsi səbəbindən kursda iştirak etməyin hələ də uyğun olub-olmadığını soruşub. Daha sonra isə 2022-ci ilin noyabrında sürücülük vəsiqəsinə 3 bal qəbul edərək cərimənin ödənilməsinə qərar verilib.