İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Gürcüstanla bağlı bir neçə iş üzrə qərar qəbul edib.
APA-nın yerli bürosu xəbər verir ki, onların arasında "Malaçini və digərləri Rusiyaya qarşı" işi 2008-ci ilin avqust müharibəsi zamanı törədilən cinayətlərə aiddir.
Məhkəmənin qərarına əsasən, Rusiya Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncələrin qadağan edilməsi) maddələrini pozub.
Qeyd olunan iş çərçivəsində Strasburq məhkəməsi Gürcüstanın Milli Qəhrəmanı Giorgi Antsuxelidze və digər gürcü hərbçilərin işgəncəyə məruz qalması və öldürülməsinə görə məsuliyyəti Rusiyanın üzərinə qoyub.
Məhkəmə qərarın qüvvəyə minməsindən sonrakı üç ay ərzində mənəvi ziyana görə Rusiyanı hərbçilərin ailələrinə kompensasiya ödəməyə məcbur edib.
Kompensasiyanın məbləği Giorgi Antsuxelidze və digər iki hərbçinin hər birinin ailəsi üçün 65 min avro müəyyən edilib.
Qeyd edək ki, Strasburq məhkəməsinə iddianı Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası təqdim edib.
Xatırladaq ki, Giorgi Antsuxelidze (1984-2008) 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin iştirakçısı olub. O, əsirlikdə işgəncələrdən həlak olub, ölümündən sonra Gürcüstanın Milli Qəhrəmanı adına layiq görülüb.