“Təhlükəsizlik sahəsinə daha çox vəsait ayırmalıyıq”.
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO-nun 2021-ci il hesabatı ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, ölkələr müdafiə sahəsinə daha çox vəsait ayırdıqda, bu, cəmiyyətlər tərəfindən heç də birmənalı qarşılanmır: “Çünki vətəndaşlar istəyir ki, onların hökumətləri digər sahələrə - təhsil, tibb, sosial və s. daha çox investisiya qoysun. Ancaq yeni təhlükəsizlik reallığını, Rusiyanın Ukraynaya qarşı müharibəsini və işğal faktını gördükdə biz daha yaxşı başa düşürük ki, təhlükəsizlik sahəsinə daha çox investisiya yatırmalıyıq. Təhlükəsizliyimizi təmin etmədən biz cəmiyyətimizin rifahı ilə bağlı hədəflərimizə nail ola bilmərik. Təhlükəsizlik və sülh bütün səylərin kökündə dayanır. Buna görə də biz daha təhlükəli dünya reallığı ilə üzləşdiyimiz üçün təhlükəsizliyimizə daha çox vəsait ayırmalıyıq”.
NATO Baş katibi vurğulayıb ki, NATO müdafiə sahəsinə daha çox vəsaitin ayrılması ilə bağlı müttəfiqlərin qərarlarını qiymətləndirir.
Stoltenberq qeyd edib ki, hava müdafiəsi, yüksək hazırlıq, silah-sursat və daha uzun müddətli əməliyyatlar üçün dayanıqlı bazanın yaradılması ilə bağlı müdafiə qabiliyyətləri gücləndirilməlidir və bu istiqamətlər üzrə razılaşma var.