"Taliban" qruplaşmasının Əfqanıstanı ələ keçirməsindən sonra Kabilə enən hərbi təyyarə cəmi 7 nəfəri təxliyə edib.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer deyib.
O bildirib ki, bunun səbəbi Kabil hava limanında baş verən qarışıqlıq və xaos olub.
Xanım nazir avqustun 16-sı axşam təhlükəsiz evakuasiyanı təmin etmək üçün alman əsgərlərini gətirən A400M təyyarəsinin təhlükəli eniş etdiyi deyib.
"Hava limanında çox xaotik, təhlükəli və mürəkkəb bir vəziyyətlə üzləşdik. Vaxtımız çox az idi, buna görə yalnız yaxınlıqda - yerində olan insanları götürdük", - deyə nazir bildirib.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü isə deyib ki, yalnız 7 nəfər təyyarəyə minə bilib, çünki təyyarə oranı tez tərk etməli idi. Digər Almaniya vətəndaşları isə alman əsgərlərinin mühafizəsi olmadan hava limanına gələ bilməyiblər.
Evakuasiya prosesində Almaniyanın 600 əsgəri iştirak edir.
Almaniya müdafiə naziri hava limanının bir neçə gün açıq qalacağını və mümkün qədər çox insanın təxliyə oluna biləcəyinə ümid etdiyini deyib.
"Bunlar təkcə Almaniya vətəndaşları deyil, həm də yerli personal, risk altında olan insanlardır. Biz digər ölkələri də dəstəkləyəcəyik", - deyə nazir bildirib.
Qeyd edək ki, Almaniya dayanma mərkəzi olaraq istifadə etdiyi Daşkənddən ikinci təyyarəni Əfqanıstana göndərmək üçün ABŞ-dan icazə gözləyir.
Əfqanıstanda ABŞ-dan sonra ikinci ən böyük hərbi kontingentə sahib olan Almaniya Almaniya-Əfqanıstan ikili vətəndaşlığı olan minlərlə şəxslə yanaşı, hüquq müdafiəçiləri, hüquqşünaslar və xarici qüvvələrlə əməkdaşlıq etmiş Əfqanıstan vətəndaşlarını da evakuasiya etmək istəyir.