Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş olub.
APA xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenskiyə uzun mənzilli “Tomahavk” raketləri verəcəyini planlaşdırmadığını bildirib.
Məlumata görə, söhbət gərgin və açıq şəkildə keçib. Tramp Zelenskiyə danışıq zamanı Ukraynanın bu mərhələdə uzaqmənzilli raketlər almayacağını açıq şəkildə bildirib.
Trampda Ukraynanın münaqişəni uzatmağa və eskalasiyaya meylli olduğu təəssüratı yaranıb və qarşıdan gələn qışda mümkün itkilərlə bağlı narahatlığını ifadə edib.
Görüşdən sonra ABŞ Prezidenti Donald Tramp cəbhə xəttində atəşkəsin təmin olunmasının vacibliyini vurğulayıb və “ölümlərə son qoymaq” çağırışı edib. Tramp bu mövqeyini “münaqişənin hazırkı reallıqları” ilə izah edib və dağıntılarla insan itkilərinin artıq çox böyük olduğunu bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata qapalı keçirilən görüşdən sonra açıqlamasında bildirib ki, tərəflər silah tədarükünü, o cümlədən uzaqmənzilli raketlərin verilməsi məsələsini müzakirə ediblər. O, həmçinin Trampın Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan görüşünə də toxunduqlarını qeyd edib.