Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hesab edir ki, Qərb tərəfdaşları onun ölkəsinə Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı aydın siqnal göndərməlidir.
APA bildirir ki, nazir bunu bu gün Münhen Təhlükəsizlik Konfransının yekunlarına dair brifinqdə deyib. Brifinq "Ukrayna-24" telekanalı tərəfindən yayımlanıb.
Nazir deyib ki, biz tərəfdaşları hər hansı şübhələri və əsassız xəbərdarlıqları bir kənara qoymağa və açıq şəkildə söyləməyə çağırırıq: “Açıq deyilsin ki, Ukrayna bizim hissəmizdir, biz bir bütövük”.
Kulebanın fikrincə, indi tam vaxtıdır ki, həmvətənləri bilsin ki, Ukrayna Aİ-yə üzv olacaq. Onun sözlərinə görə, bu da öz növbəsində Rusiyaya siqnal olacaq:
"Qərar qəbul etməyin vaxtıdır. Çətin vəziyyətdə çətin qərarlar olmadan mümkün deyil. Açıq şəkildə qeyd etmək lazımdır ki, Ukrayna Avropa İttifaqının üzvü olacaq və bu, indi edilməlidir".
Kulebanın sözlərinə görə, indi hətta Ukraynanın Aİ-yə üzvlük perspektivinə şübhə ilə yanaşan ölkələr də bu məsələ üzərində düşünməyə başlayıblar.
Qeyd edək ki, 2019-cu ilin fevralında Ali Rada Ukrayna Konstitusiyasına ölkənin Aİ və NATO-ya üzv olmaq üzrə strateji kursunu təyin edən dəyişiklikləri təsdiqləyib.
***
15:52
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, artıq ölkəsinə Avropa İttifaqına üzvlüklə bağlı aydın siqnal göndərməyin vaxtı çatıb.
APA bildirir ki, bu barədə TASS məlumat yayıb.
Xəbər yenilənəcək.