Bank Of Baku

Dambrauskas: Əlimizdən gələnin ən yaxşısını edəcəyik

Valdas Dambrauskas

© APA | Valdas Dambrauskas

# 06 iyul 2026 19:48 (UTC +04:00)

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS matçından öncə "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis görüşlə bağlı fikirlərini bölüşüb:

"Ümid edirəm ki, yeni mövsümdə ötən illə müqayisədə daha çox uğur qazanacağıq. Avstriyada keçirdiyimiz iki həftəlik təlim-məşq toplanışının uğurlu keçdiyini düşünürəm. Azarkeşləri stadiona gələrək komandamızı dəstəkləməyə çağırıram. Əlimizdən gələnin ən yaxşısını edəcəyik".

- Avstriyada keçirdiyiniz yoxlama oyunlarında komandanın göstərdiyi performans sizi qane etdi?
- Təlim-məşq toplanışında bizim üçün yaxşı şərait yaradılmışdı. Güclü rəqiblərlə qarşılaşdıq. 21 məşqimiz olub. İstərdim ki, məşqlərin sayı daha çox olsun. Oyunçular istədiyimiz formaya yaxındırlar. Yeni gələn futbolçularla bağlantılar qurmaq lazımdır. Təlim-məşq toplanışında bunun üzərində çalışdıq. Çox yaxşı hazırlaşmışıq. Ötən ilin bu vaxtı ilə müqayisə etsək, klub olaraq bir addım öndəyik.

- "Sabah" rəqibin hansı üstünlüklərindən çəkinə bilər?
- İndi detallara varmaq istəməzdim. Bununla bağlı oyunçulara kifayət qədər məlumat vermişəm. TNS çox təcrübəli komandadır. Uzun müddətdir komandada çıxış edən futbolçuları var. İkinci yerdə gedən rəqiblərini 20 xal qabaqlayaraq çempion olublar. Hər oyunda meydana qələbə üçün çıxırlar. Rəqibin hücum xəttində elə oyunçuları var ki, yarım qol fürsətini dəyərləndirə bilirlər. Biz daha çox öz oyunumuzu düşünməliyik. Belə turnirlərdə yüz faizdən daha çoxunu etmək lazımdır.

Qeyd edək ki, “Sabah” – TNS oyunu iyulun 7-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR