Strasburq. Fuad Qulubəyli-APA. “AŞPA Bürosunun bu gün səhər keçirilən iclasında belə qərara gəldik ki, bu sessiyamız ərzində Mali və Əlcəzairdəki vəziyyətə dair məsələni plenar iclaslarımızın gündəliyinə salaq”. APA-nın Avropa bürosunun məlumatına görə, AŞPA sədri Jan-Klod Minyon bu fikirləri qurumun qış sessiya çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
“Bu məsələni sessiyanın dördüncü gün keçiriləcək plenar iclasına daxil etdik. Malidəki vəziyyət haqda onu deyə bilərəm ki, bu münaqişə çox böyük humanitar problemlərə səbəb olacaq. Mən təbii ki, bir fransız millət vəkili olaraq Fransanın Maliyə girməsini dəstəkləyirəm. Hesab edirəm ki, bu ölkənin ərazi bütövlüyü təmin olunmalı və terrorizmin vüsət alması dayandırılmalıdır. Bununla belə, bu münaqişə nəticəsində böyük humanitar problemlər ortaya çıxa bilər. Cənubi Avropa ölkələrinə Afrikanın bu bölgəsindən böyük qaçqın axını gələ bilər. Fransa və Mali ordularının birləşmiş hücumları nəticəsində islamçılar geriyə çəkilirlər və bunun əvəzini sivil insanlardan çıxırlar”.