Avropa Parlamenti Avropa İttifaqının Türkiyə ilə 3 oktyabr 2005-ci ildə başladılan üzvlük müzakirələrinin müvəqqəti dayandırması barədə tövsiyə xarakterli qərar qəbul edib.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Avropa Parlamentində 479 deputat bu qərarın lehinə, 37 deputat əleyhinə səs verib, 107 deputat bitərəf qalıb.
Qərarda Türkiyə rəhbərliyinin müasir Türkiyənin sərhədlərini müəyyənləşdirən Lozanna sülh müqaviləsinə qarşı açıqlamalarından, 15 iyul hərbi çevriliş cəhdindən sonra ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimi çərçivəsində atılan addımlardan narahatlıq ifadə olunur. Eyni zamanda edam cəzasının təkrar qüvvəyə minməsi ilə Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələrin rəsmən dayandırılacağı barədə xəbərdarlıq edilir. Qərarda terrorla mübarizə barədə qanunvericilik də daxil olmaqla, 7 kriteriyanın yerinə yetirilməməsinin Türkiyə vətəndaşlarının Avropa İttifaqına vizasız daxil olmasına icazə verilməsi yönündə maneə olduğu vurğulanır.
Avropa Parlamentinin tövsiyə xarakterli bu qərarından sonra Avropa İttifaqı liderlərinin 15-16 dekabr tarixlərində Brüsseldə keçiriləcək toplantısında qəbul ediləcək qərar Avropa İttifaqı-Türkiyə münasibətlərinin gələcəyində mühüm rol oynayacaq.