Bakı-APA. Artıq 5 gündür Şimali İrlandiyanın paytaxtı Belfastda davam edən iğtişaşların gedişində xəsarət alan polislərin sayı 60-a çatıb. İğtişaşlara görə 100 nümayişçi saxlanılıb. Bu barədə APA Frans Press-ə istinadən məlumat verir.
Aksiyalar Belfast şəhər şurasının Böyük Britaniya bayrağını bələdiyyə binasının üzərindən götürmək barədə qərarının əleyhinə keçirilir. Şurada çoxluq təşkil edən respublikaçılar kompromis variant olaraq Böyük Britaniya bayrağının ildə cəmi 17 gün (rəsmi bayramlarda) Belfastda qaldırılmasını təklif edirlər.
Frans Press-in məlumatına görə, min nəfərə yaxın Şimali İrlandiyanın Böyük Britaniyanın tərkibində qalmasını istəyən yunionist şəhər şurasının önündə mitinq keçirib. İğtişaşlar isə İrlandiya və Şimali İrlandiyanın birləşməsinin tərəfdarı olan 250 nəfərlik qrupun yunionistlərə hücum etməsindən sonra başlayıb.
Polis nümayişçiləri sakitləşdirməyə çalışsa da, etirazçılar hüquq-mühafizə əməkdaşlarına kərpic, yandırıcı maddələr və s. atıblar. Buna cavab olaraq polislər
rezin güllələr və xüsusi texnikadan istifadə ediblər.