Tiflis. Nizami Məmmədzadə - APA. “Abxaziya dəmiryolunun bərpası istiqamətində irəliləyiş yoxdur. Çünki Gürcüstanın yeni hökuməti hələ cəmi üç aydır ki, fəaliyyət göstərir.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri Bidzina İvanişvili deyib. O, Rusiya ilə münasibətlərdə yeni addımlar atmaq barədə düşündüklərini bildirib: “Lakin çox ehtiyatla hərəkət etmək istəyirik. Ümumiyyətlə, dəmir yolu dövlət üçün çox xeyir verən bir sahədir”.
B. İvanişvili Abxaziya dəmiryolunun bərpası üçün siyasi qərar lazım olacağını da söyləyib: “ Bu məsələ yüksək səviyyələrdə hərtərəfli müzakirə edilməli və onun həlli üçün bütün tərəflərin razılığı olmalıdır. Məsələni elə həll etmək lazımdır ki, heç bir problem yaranmasın”.