Bakı-APA. BMT 2013-cü ildə humanitar proqramları gerçəkləşdirmək üçün donor dövlətlərdən 8,5 mlrd. dollar istəyib. APA-nın məlumatına görə, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amos Cenevrədə jurnalistlərə bildirib ki, qeyd olunan vəsait dünyanın 16 ölkəsində yaşayan 51 milyon insan üçün yardıma yönəldiləcək.
BMT 2013-cü ildə humanitar proqramları əsasən Somalidə (1,3 mlrd dollar), Cənubi Sudanda (1,16 mln dollar) və Sudanda (984 mln dollar) həyata keçirməyi planlaşdırır.
Birinci onluğa daha çox yardıma ehtiyacı olan Konqo, Keniya, Yəmən, Çad, Əfqanıstan, Fələstin muxtariyyəti və Mali daxildir.
Qeyd etmək lazımdır ki, burada söhbət yalnız təxmini məbləğdən gedir, çünki il ərzində BMT gözlənilməz fövqəladə vəziyyətlərlə bağlı yaradılan fondların maliyyələşməsi ilə bağlı üzv dövlətlərə müraciət edə bilər.
Bu il BMT 800 mln. az, yəni 7,7 milyard məbləğində vəsait istəyib və 30 noyabr tarixinədək istənilən məbləğin yalnız 60% realizə olunub (5,3 mlrd dollar).
Maraqlıdır ki, BMT-nin bu sorğusuna Suriya daxil edilməyib. BMT-nin proqramları Suriyada ayrıca xətt ilə həyata keçirilir. BMT-nin 488 mln. məbləğində Suriya qaçqınlarına yardım fondu və 348 mln. məbləğində olan Suriyanın daxilindəki əməliyyatlar üçün fondu fəaliyyət göstərməkdədir. Qeyd olunan fondların hər biri hal-hazırda 51% maliyyələşdirilib.