Bakı-APA. Çexiyada marixuananın müalicəvi məqsədlərlə satışına icazə verən qanun qəbul edilib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, narkotik bitki reseptlə xərçəng, QİÇS, ekzema, qıc olma və bir sıra başqa xəstəliklərdən əziyyət çəkən pasiyentlərə və ağrıkəsici “preparat” kimi buraxılır.
Sənəd keçən ilin dekabrında ölkə parlamenti tərəfindən qəbul olunub və fevralda prezident Vatslav Klaus tərəfindən təsdiqlənib. Qanun aprelin 1-dən qüvvəyə minib, lakin faktiki olaraq bu gündən tətbiq olunmağa başlayıb. Çünki bazar ertəsi Pasxa bayramı ilə əlaqədar ölkədə apteklərin çoxu fəaliyyət göstərməyib.
İlkin mərhələdə “müalicəvi” marixuananı ölkəyə başqa ölkələrdən, əsasən də Hollandiyadan gətirmək nəzərdə tutulub. Bir ildən sonra narkotik bitkini xüsusi lisenziya almış şirkətlər də becərməyə başlayacaq. Ev şəraitində narkotik bitkilərin becərilməsi hələ də qadağandır.
Qeyd edək ki, tibbi marixuananın 1 qramı Çexiyada 3-8 avroya (4-11 dollar) təklif olunur.