Bakı-APA. İspaniyada tarixin ən güclü kiberhücumlarının təşkilatçısı olduğu güman edilən Niderland vətəndaşı saxlanılıb. Bu barədə APA Assoşieyted Press-ə istinadən məlumat verir.
Şübhəlinin 35 yaşı var, onun adı bildirilmir. Onun Barselonadakı evindən kompüter və mobil telefonlar götürülüb. Yaxın günlərdə şübhəlinin Niderlanda ekstradisiya olunması gözlənilir.
Onun əsas cinayəti kimi 2013-cü ilin martında Spamhaus qeyri-kommersiya təşkilatının saytının dağıdılması göstərilir. Bu təşkilat spamerlərlə mübarizə aparır. "Kasperski laboratoriyası"nın ekspertlərinin fikrincə, bu hücum indiyədək həyata keçirilmiş ən güclü DDoS hücumlardan biri olub. Belə ki, hücum bir sıra Avropa ölkələrində internetin işində ciddi problemlərə gətirib çıxarıb.