Bakı. Real Cəfərli - APA. “İndiki vaxtda İranın nüvə məsələsi ilə bağlı müzakirələrin aparılması bu ölkəyə qarşı hərbi müdaxilədən, əlbəttə, daha yaxşıdır”.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Fransa prezidenti Fransua Olland bildirib.
Onun sözlərinə görə, İranla nüvə müzakirələri illərdir heç bir irəliləyiş əldə olunmadan davam edir: “İranla “altılıq” ölkələri arasında Cenevrədə keçirilmiş nüvə müzakirələrində irəliləyiş əldə olunsa da, bu yetərli deyil”.
F.Olland həmçinin deyib ki, İrana qarşı təzyiqlərin eyni şəkildə saxlanılması lazımdır: “Əgər bu ölkəyə qarşı sanksiyalar tətbiq edilməsəydi, İran müzakirəyə belə yanaşmazdı. Təzyiq və sanksiyalar İranı müzakirə masasına oturtdu”.
Fransa prezidenti vurğulayıb ki, rəsmi Paris İran bütün nüvə fəaliyyətlərini dayandıracağı təqdirdə, bu ölkə ilə əldə olunacaq müvəqqəti razılaşmanı dəstəkləyəcək: “Əgər İranın bütün nüvə obyektləri nəzarət altına alınsa, zənginləşdirdiyi uran ehtiyatları azaldılsa və Ərak ağır su nüvə reaktorunun fəaliyyəti dayandırılsa, Fransa da bu ölkə ilə müvəqqəti razılığın əldə olunmasına dəstək verəcək”.