Tbilisidə Veteranlarla İş üzrə Dövlət Xidmətinin yeni binasının açılış mərasimi keçirilib.
APA-nın yerli bürosunun məlumatına əsasən, açılış mərasimində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, müdafiə naziri Levan İzoriya və digər rəsmi şəxslər iştirak edib.
Baş nazir veteranları yeni binanın açılışı münasibətilə təbrik edib: “Veteranların qayğısına qalmaq dövlətin ən vacib prioritetlərindən biridir. Ölkəmizin aydın gələcəyi üçün həyatlarını təhlükəyə atmış veteranlara diqqətin daha da artırılması məqsədilə yeni qanun layihələri hazırlanır”.
Veteranlarla İş üzrə Dövlət Xidmətinin yeni binasında foto sərgi də təşkil olunub. Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinə həsr olunmuş sərgidə tanınmış fotomüxbir Şahvələd Eyvazovun müəllifi olduğu və müxtəlif müharibələr zamanı çəkdiyi fotolar nümayiş etdirilib. Gürcüstanın baş naziri foto sərgi ilə yaxından tanış olub. Ş.Eyvazov unikal foto kolleksiyasını Veteranlarla İş üzrə Dövlət Xidmətinə hədiyyə edib.