“Gürcüstanda milli və dini azlıqların kompakt yaşadıqları bölgələrdə bəzi təşkilatlar məqsədyönlü şəkildə nifrət alovlandırmağa çalışırlar”.
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Vaxtanq Qomelauri parlamentdə illik hesabatla çıxışı zamanı deyib. O bildirib ki, həmin təşkilatlar bölgələrdə dövlət əleyhinə ideya və fikirlər yayırlar, destruktiv çağırışlarla vəziyyəti gərginləşdirməyə cəhd edirlər: “Hesabat dövründə Gürcüstan əleyhinə yönəlmiş fəaliyyətdə iştirak edən şəxslərin və onların maliyyə mənbələrinin müəyyən olunması üçün qanunla nəzərdə tutulmuş tədbirlər həyata keçirilib. Bəzi şəxslərin dairəsi və onların xarici ölkələrin kəşfiyyat qurumları və Gürcüstan vətəndaşları ilə mümkün əlaqələri müəyyən olunub. Hazırda həmin şəxslərin qanunsuz hərəkətləri ilə bağlı araşdırma aparılır”.
DTX rəhbəri əlavə edib ki, rəhbərlik etdiyi qurum Gürcüstanda daimi yaşayış izni və ikili vətəndaşlığı olan əcnəbilərin xarici ölkələrin xüsusi xidmət orqanları ilə mümkün əlaqələrini araşdırmağa başlayıb.