Bakı-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili indiyədək elan olunmayan, tamamilə yeni bir iş üzrə dindirilə bilər. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş prokuroru Arçil Kbilaşvili bəyan edib.
Onun sözlərinə görə, dövlət başçısı həm “İmedi” telekanalı ilə bağlı iş üzrə, həm də indiyədək prokurorluq tərəfindən elan olunmayan, tamamilə yeni bir iş üzrə dindirilə bilər. Hal-hazırda dindirilmə üçün zərurət yaranıb. Bununla belə, Arçil Kbilaşvili yeni işin mahiyyətini açıqlamaqdan boyun qaçırıb.
Baş prokurorun sözlərinə görə, bu məsələnin əvvəlki rezonanslı işlərlə heç bir bağlılığı yoxdur və “tamamilə yeni, başqa bir işdir”.
Arçil Kbilaşvili həmçinin avqust müharibəsinə toxunaraq qeyd edib ki, prokurorluq bu iş üzrə araşdırma aparır və bunun üçün xüsusi komissiya yaradılacağını qeyd edib.