2018-ci ilin mart ayının 1-dən Gürcüstana 15 gündən az olmayan müddətə avtonəqliyyat vasitəsi ilə daxil olan xarici vətəndaşlardan vətəndaş məsuliyyətinin sığortası üçün ödəniş tələb oluna bilər.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, sığortanın rəsmiləşdirilməsi müvafiq qanun layihəsində nəzərdə tutulub.
Qanun layihəsi Gürcüstan parlamenti tərəfindən üçüncü oxunuşda qəbul olunub və prezidentin imzasından sonra qüvvəyə minəcək.
Sığortanı nəzarət-buraxılış məntəqələrində əldə etmək mümkün olacaq. Sığorta paketinin qiyməti isə nəqliyyat vasitəsinin növündən və sığorta müddətindən asılı olacaq.
Nəqliyyat vasitəsini 15, 30, 90 gün və 1 il müddətinə sığortalamaq mümkün olacaq.
Xarici vətəndaş Gürcüstan ərazisində nəqliyyat vasitəsini sığortasız idarə etsə, motosikl, minik avtomobili, kənd təsərrüfatı texnikası üçün 100 lari, avtobus və yük maşınları üçün isə 200 lari məbləğində cərimə nəzərdə tutulub.