Gürcüstan. Nizami Məmmədzadə - APA. Yanvarın 13-də Gürcüstanda 190 məhbus həbsxanadan buraxılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Amnistiya haqqında” qanun qüvvəyə mindikdən sonra siyasi məhbus statusu alan bütün məhbuslar 1 saat ərzində həbsdən azad ediliblər.
Məhbusların azadlığa buraxılması mərasiminə Gürcüstanın cəzaların icrası və hüquqi yardım naziri Sozar Subari, Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili, energetika naziri Kaxa Kaladze və parlamentin sədr müavini Zviad Dzidziquri də qatılıblar.
Xatırladaq ki, parlamentin qəbul etdiyi “Amnistiya haqqında” qanun yanvarın 13-dən qüvvəyə minib.
Qanunu parlamentin sədri David Usupaşvili imzalayıb. Gürcüstan Milli Hərəkat Partiyası isə parlament sədrinin “Amnistiya haqqında” qanunu imzalamasına etiraz bildirib.
Amnistiya ümumilikdə 17 min məhbusa şamil olunacaq. 3 min məhbus həbsdən azad olunacaq, digər məhbusların isə cəza müddəti azaldılacaq.