Tiflis. Nizami Məmmədzadə - APA. Avropa Yenidənqurma və İnkişaf Bankı Gürcüstanda illik görüş və biznes forum keçirəcək.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bu məqsədlə Tiflisə səfər edən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti bu gün Gürcüstan maliyyə naziri Nodar Xaduri ilə görüşüb.
AYİB-nin prezidenti jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstanda 2,6 mlrd. dollarlıq investisiya layihələri həyata keçirilir. “AYİB-nın illik görüşü və biznes-forum keçirməsi olduqca mühümdür. Bu forum çərçivəsində biz AYİB-nın 5 illik strateji fəaliyyət planını təsdiq edəcəyik", - deyə o vurğulayıb.
S. Çakrabarti bu gün həmçinin Gürcüstan baş naziri ilə görüşüb və Gürcüstanda İnvestorlar Şurası yaradılması haqqında anlaşma memorandumu imzalanıb. Sənədi AYİB-nın prezidenti və Gürcüstanın baş nazir imzalayıblar.
S. Çakrabarti bildirib ki, İnvestorlar Şurasının yaradılması özəl və dövlət sektorları arasında dialoq üçün platforma yaratmaq məqsədi daşıyır.
Qeyd olunub ki, İnvestorlar Şurasının sədri Gürcüstanın baş naziri olacaq.