Bakı-APA. Gürcüstan Baş prokurorluğu mayın 21-də axşam saatlarında ölkənin keçmiş baş naziri və keçmiş daxili işlər naziri, hazırda isə “Vahid Milli Hərəkat” Partiyasının baş katibi Vano Merabişvili və Kaxeti bölgəsinin qubernatoru, keçmiş səhiyyə naziri Zurab Çiaberaşviliyə rəsmi ittiham təqdim olunub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Merabişvili və Çiaberaşvili korrupsiya fəaliyyətində (Gürcüstan Cinayət Məcəlləsinin 164-1-ci maddəsi), xidməti səlahiyyətləri aşma (332-ci maddə) və dövlət vəsaitlərinin israfında ittiham olunur (182-ci maddə).
Qeyd edək ki, yaxın 48 saat ərzində məhkəmə müttəhimlərə dair qətimkan tədbiri müəyyən edəcək.
Xatırladaq ki, V. Merabişvili ötən gün Kutaisi şəhərindəki Qərbi Gürcüstan Dairə Prokurorluğunda dindirildikdən sonra saxlanılıb. Vano Merabişvili ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
V. Merabişvil ilə birlikdə Kaxeti bölgəsinin qubernatoru Zurab Çiaberaşvili də saxlanılıb.