Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Giorqadze bu gün Marneuliyə səfər edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir azərbaycanlıların yaşadığı İmir kəndində aparılan arxeoloji qazıntıların gedişi ilə tanış olub.
Bildirilib ki, bu yaxınlarda İmir kəndinə yaxın ərazidə - çayın sahilində aşkar olunanlar eramızdan əvvəl VI əsrə aiddir.
Gürcüstan Milli Muzeyin arxeoloqu Mindiya Calabadze APA-ya açıqlamasında bildirib ki, burada aparılan qazıntılara hələ ötən əsrin 60-cı illərindən başlanılıb, qazıntılar mərhələli şəkildə davam etdirilib. Onun sözlərinə görə, İmir və Şulaveri təpəliklərində qazıntılar zamanı ilk dəfə insanın torpağa səpdiyi məhsulların toxumu tapılıb, o cümlədən taxıl və digər məhsul növlərinin toxumları aşkarlanıb: “Bu ərazilər "Şomutəpə mədəniyyəti"nə aiddir. Qazıntılar burada yaşayan əhaliyə aiddir. Tapılan əşyaların 8 min il yaşı var. O vaxt metal, gümüş, bürünc yox idi. İnsanlar ağacdan və sümükdən düzəldilmiş alətlərlə yeri şumlayırdılar, torpaqdan düzəldilən damlarda yaşayırdılar. Burada keramika da tapılıb. Bu ərazidə aşkarlana əşyalar Gürcüstan Milli Muzeyində saxlanılır".
Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi naziri M. Giorqadze isə APA-ya açıqlamasında bunları deyib: "Vacib odur ki, burada üzümün dənəsi tapılıb. Kompleks araşdırma nəticəsində məlum olub ki, bu ərazidə insan ilk dəfə yabanı üzümü ev şəraitində yetişdirib. Düşünürəm ki, bu faktlar öyrəniləcək və əldə olunan nəticələr barədə beynəlxalq elm aləminə məlumat veriləcək. Bu faktlarla mədəniyyətimiz daha da populyarlaşacaq. Qazıntılar göstərir ki, bu ərazilərin arxeloji potensialı çoxdur və qazıntılar davam etdiriləcək".