Mərasimdə çıxış edən prezident Abdulla Gül körpüyə Yavuz Sultan Səlimin adının verildiyini açıqlayıb: “Birinci körpü Türkiyə Cümhuriyyətinin qurucusu, dövlətimizin birinci prezidenti Atatürkün, ikinci körpü isə bizə İstanbulu ərməğan edən Fateh Sultan Mehmetin adını daşıyır. Əminəm ki, indi hər kəs üçüncü körpüyə kimin adının veriləcəyini düşünür. Hökumətimiz, dostlarımız bu barədə müzakirələr aparıb. Nəticədə birlikdə qərar verdik ki, körpünün adı Yavuz Sultan Səlim körpüsü olsun”.
Körpünün 2015-ci il mayın 29-da istifadəyə verilməsi planlaşdırılır. Layihə 2,5 milyard dollara başa gələcək. 59 metr genişliyi olacaq nəhəng körpünün üzərində 8 avtomobil zolağı və 2 dəmir yolu xətti salınacaq.
Qeyd edək ki, Yavuz Sultan Səlim 9-cu Osmanlı padşahı olub və 1470-1520-ci illərdə imperiyaya hökmranlıq edib. O, taxt-tacı təhvil alarkən 2 milyon 375 min kvadrat kilometr olan Osmanlı İmperiyasının ərazisini 6 milyon 557 min kvadrat kilometrə qədər artırıb. Sultan Səlim 1514-cü ildə Çaldıran döyüşündə Səfəvi hökmdarı Şah İsmayılı məğlub edib.