Bakı – APA. İstanbulun Taksim meydanındakı Gəzinti Parkının dağıdılaraq yerində ticarət mərkəzi inşa etmək planlarına qarşı 3 gündür ərazidə oturaq aksiya keçirən fəallara polis müdaxilə edib. APA-nın xəbərinə görə, bu gün səhər başlayan polis müdaxiləsi və bunun nəticəsində yaranan qarşıdurma hələ də davam edir. Polis təzyiqli su və qaz bombalarından istifadə edir.
Polisin atdığı qaz bombaları nəticəsində aksiyaçılara dəstək verən Barış və Demokratiya Partiyasının (BDP) millət vəkili Sırrı Sürəyya Öndər yaralanıb və xəstəxanaya aparılıb. Qaz bombasının kapsulu başına dəyən 34 yaşlı misirli bir qadın da ağır yaralanıb. Onun beyin sümüyü çatlayıb. Cümhuriyyət Xalq Partiyasının (CHP) bəzi millət vəkilləri də ərazidədir. Onlar da polisin atdığı qazın təsirinə məruz qalıblar. Yaralılar arasında jurnalistlər də var.
Qarşıdurma davam edir. Axşam saatlarında aksiyaya qoşulanların sayının artacağı gözlənilir.