Bakı-APA. İsveçrənin paytaxtı Bern şəhərində martın 16-da 20 minədək müəllim, səhiyyə işçisi və başqa dövlət xidmətlərinin əməkdaşları hökumətin həyata keçirdiyi qənaət tədbirləri əleyhinə etiraz aksiyası keçirib və əmək şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” həmkarlar ittifaqlarına istinadən məlumat yayıb.
Etirazçılar Bernin mərkəzi meydanına toplaşaraq iqtisadiyyatın dövlət sektorunun “dağıdılmasını dayandırmaq” tələbi ilə çıxış ediblər.
Agentliyin məlumatına görə, İsveçrənin Bern kantonunun hökuməti indiyədək müntəzəm tətbiq edilən maaş artımı təcrübəsini ləğv edib. Bundan başqa hökumət təhsil və səhiyyə sahələrinə dövlət xərclərini 55 milyon İsveçrə frankı (45 milyon avro) məbləğində azaldıb.
“Frans Press” qeyd edir ki, son 10 ildə bu ölkədə ən iri aksiya olub.