Bakı-APA. İtaliya hərbi kəşfiyyatının keçmiş rəisi Nikolo Pollari terrorçuluqda təqsirli bilinən şəxsin oğurlanmasında əlaqəli olduğuna görə 10 il həbs cəzasına məhkum edilib.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, istintaq zamanı müəyyən olunub ki, imam Əbu Ömər ABŞ-ın terrorçuluqda şübhəli bilinən şəxslərin saxlanmasını və təhvil verilməsini nəzərdə tutan proqramı çərçivəsində 10 il bundan əvvəl Milanda tutularaq Misirə göndərilib. Sonradan Əbu Ömər Misirdə işgəncələrə məruz qaldığı barədə açıqlama verib.
N.Pollarıdən başqa əməliyyatda iştirak edən onun köməkçisinə və 3 agentə də hökm oxunub. Bundan başqa məsələ ilə əlaqəli olan 26 ABŞ vətəndaşına qiyabi hökm oxunub.
Bir müddət əvvəl onlar barəsində bəraət hökmü çıxarılmışdı, lakin sonradan iş təkrar istintaqa göndərilib.