Bakı – APA. Məşhur fransalı aktrisa, müğənni və fotomodel Bricit Bardo (Brigitte Bardot) bildirib ki, Fransa hökuməti Lion heyvanxanasındakı filləri xilas etməsə Rusiyaya köçəcək. APA-nın xəbərinə görə, məşhur sənətçi bu barədə açıq məktub yazıb. O deyib ki, heyvan məzarlığına çevrilən Fransadan qaçmağa və Rusiya vətəndaşlığı almağa hazırdır.
Söhbət tuberkulyoz xəstəliyinə tutulan 2 fildən gedir. 2012-ci ilin sonlarında insanları yoluxdurmaması üçün filləri zəhərləyib öldürmək qərara alınıb. Heyvan haqlarının müdafiəçisi olan B. Bardo Fransa prezidenti Fransua Ollanda müraciət edərək fillərin xilas edilməsini istəyib, lakin cavab almayıb.
Qeyd edək ki, 2011-ci ildə V. Putin baş nazir olarkən ölkədə suiti balalarının ovlanmasını qadağan etdikdən sonra B. Bardo ona təşəkkür məktubu göndərib. B. Bardo bəyan edib ki, Putin bu hərəkəti ilə onun qəlbini qazanıb.
Xatırladaq ki, yanvarın 3-də V. Putin məşhur fransız aktyoru Jerar Depardyeyə Rusiya vətəndaşlığı verilməsi haqda fərman imzalayıb.