Bakı-APA. «Suriya prezidenti Bəşər Əsədin rejimi legitimliyini itirib və azadlıq uğrunda mübarizə aparan müxalifətlə danışıqlara başlamalıdır». APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Con Kerri türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşdən sonra belə bir bəyanatla çıxış edib.
«Biz Suriya mövzusunu ətraflı müzakirə etdik... Bizə siyasi keçid prosesini təmin etməli və azadlıq uğrunda mübarizə aparan müxalifətlə rejim arasında danışıqların başlanmasına yardım göstərməliyik», Kerri bildirib.
Kerri həmçinin Ankaraya suriyalı qaçqınlara yardım etdiklərinə görə təşəkkür edib. «Türkiyə bu insanların bütün lazımi şeylərlə təmin olunması üçün külli miqdarda vəsait xərcləyir», deyə Kerri bəyan edib.
Türkiyə ərazisində 185 min suriyalı qaçqının olduğu bildirilir.