Bakı-APA. Londonun cənub-şərqində kral ordusu hərbçisinin öldürülməsi ilə bağlı iki nəfər həbs olunub. APA-nın məlumatına görə, bu barədə London polisinin komissarı Bernard Hoqan-Hou xəbər verib. Qətlin özü isə terror aktı kimi dəyərləndirilib.
Bu arada mətbuat hadisənin bir sıra nəticələrə səbəb olduğu barədə məlumat yayıblar. Sky News-un məlumatına görə, hadisə baş verən rayonda və yaxınlıqda polislə qarşıdurmalar baş verir. Bəzi rayonlara əlavə polis qüvvələri yeridilib.
RİA Novosti Vulviçdə polis və ultrasağ İngiltərə müdafiə liqasının fəalları arasında qarşıdurma olduğu barədə məlumat yayıb.
«Yüzədək insan yerli barın yanında toplaşaraq millətçi mahnılar oxumağa başlayıblar. Liqanın fəalları onlara qoşulduqdan sonra şiddət və qəzəbin səviyyəsi artmağa başlayıb. Yaxınlıqda olan polislərə yandırıcı maddələr, şüşələr və stəkanlar atılıb», deyə Sky News bildirir.
Toplaşanlar irqçi şüarlar səsləndirərək mühacirlər və islamın yayılmasına etiraz ediblər. Polis qrupu mühasirəyə almağa çalışıb, lakin etirazçılar müqavimət göstəriblər və polis dəyənəklərdən istifadə edib. Xəsarət alanlar barədə məlumat verilmir.
Terror aktı barədə məlumat verildikdən sonra Böyük Britaniyada iki məscidə hücum edilib. Esseksdə 43 yaşlı kişi bıçaq əlində Breyntri şəhərinin məscidinə soxulub və məscidi yandırmaq istəyib. Cinayətkar həbs olunub. Kent qraflığında bir nəfər Giligem şəhər məscidinə zərər vurmaq istəyib. İkinci cinayətkar da həbs olunub.
Xatırladaq ki, dünən Bakı vaxtı ilə 17:20-də Londonun Vulviç rayonunda naməlum şəxslər üzərində «Qəhrəmanları dəstəkləyək» - müharibə veteranlarına çağırış yazılmış futbolka olan hərbçiyə hücum ediblər.
Bəzi məlumatlara əsasən, hücum edənlər odlu silahla, digər məlumatlara əsasən isə bıçaqla silahlanıbmışlar. Onlar hərbçini qətlə yetiriblər. Rəsmi mənbələr hücum edənlərin «Allahu əkbər» çığırdıqlarını və hücumu kameraya çəkdiklərini bəyan ediblər.
Qətldən dərhal sonra yaxınlıqdakı polislərlə terrorçular arasında atışma başlayıb. Yaralanmış cinayətkarlar xəstəxanaya çatdırıblar və nəzarətdədirlər. Reyter agentliyi hadisədə «Nigeriya izi»nin olduğu barədə məlumat yayıb.
Britaniya baş naziri hadisənin terror olduğuna dair sübutların olduğunu bəyan edib.
Krallığın müdafiə naziri Tereza Mey isə artıq hökumətin təhlükəsizlik üzrə komitəsinin təcili iclasını çağırıb.