Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda bir neçə su elektrik stansiyasının (SES) tikilməsinə baxmayaraq, ölkəmiz Azərbaycanın elektrik təchizatından imtina etmək niyyətində deyil. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın energetika nazirinin müavini Mariyam Valişvili jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Gürcüstana əsasən qış aylarında elektrik enerjisi lazım olur, yayda isə Gürcüstanın özü digər ölkələrə enerji satmaq imkanına malikdir: "Qış aylarında bizdə elektrik enerjisi qıtlığı yaranır və biz idxal yolu ilə bunu aradan qaldırırıq".
M. Valişvili Gürcüstanın öz enerji resursları ilə özünü ilin müəyyən fəsillərində təmin etməyinin səmərəsiz ola biləcəyini bildirib: "Buna görə də qonşularla enerji alınması istiqamətində balanslaşdırılmış əməkdaşlıq lazımdır. Gürcüstanın enerji sistemi Azərbaycan və Rusiyanın enerji sisteminə bağlıdır".
Nazir müavini bu ilin avqust-sentyabr ayında qaz ilə işləyəcək Qardabani istilik elektrik stansiyasının istismara veriləcəyini bildirib. O, bununla Gürcüstanın qış fəslində enerji ehtiyacının nisbətən ödəniləcəyini vurğulayıb.
M. Valişvili Gürcüstan ərazisində olan elektrik xəttləri vasitəsi ilə Azərbaycan və Rusiyadan Türkiyəyə elektrik tranzitini həyata keçirməyin mümkün olduğunu bildirib: "Əgər, Azərbaycanın marağı olarsa, Gürcüstan enerjinin tranziti üçün infrastruktur verə bilər. Lakin Türkiyədə enerjinin qiyməti əhəmiyyətli dərəcədə aşağı düşdüyünə görə, enerji təchizatının həyata keçirilməsi səmərəli deyil", deyə nazir müavini qeyd edib.