Marneuli. Nizami Məmmədzadə-APA. Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində icra hakimiyyətinin iclas salonunda Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndələri ilə görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan baş nazirinin köməkçisi Savalan Mirzəyev, Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Zaur Darğallı, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Gürcüstan Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli İmtahan Mərkəzinin nümayəndələri, Marneuli Təhsil Resursları Mərkəzinin rəhbəri Ruslan Hacıyev və rayondakı etnik azlıqların dillərində fəaliyyət göstərən məktəblərin 12-ci sinif şagirdləri iştirak ediblər.
Tədbirdə Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndələri "Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Bakalavr proqramı" layihəsinin təqdimatı keçirilib. Təqdimatda Polis Akademiyasına qəbul ilə bağlı bilgilər verilib. Görüşdə həmçinin Milli İmtahanlarda bu il qəbul edilən yeniliklər və dəyişikliklər haqqında, həmçinin dövlətin həyata keçirdiyi "4+1" proqramı barədə məlumatlar verilib və suallar cavablandırılıb.
Qeyd edək ki, Gürcüstanda “4+1” proqramı 2010-cu ildən həyata keçirilməyə başlanılıb. Məlumata görə, azərbaycanlı, erməni və digər milli azlıqların tələbələri bu proqram üzrə bir il dövlətin vəsaiti ilə gürcü dilini öyrəndikdən sonra bu proqram çərçivəsində Gürcüstanın müxtəlif ali məktəblərində öz ana dillərində imtahan verdikdən sonra müxtəlif ixtisaslar üzrə birinci kursa qəbul edilir və təhsillərini gürcü dilində davam etdirirlər.