Marneulidə 2 oktyabr parlament seçkiləri ilə bağlı saxlanılan 6 nəfər Qızılhacılı kənd sakini olan azərbaycanlı gənclərin dekabrın 6-a təyin olunan məhkəməsi təxirə salınıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, dünən Rustavidə məhkəmənin keçirilməsi xəbərinə toplaşan Qızılhacılı kənd sakinlərinə gənclərin məhkəməsinin dekabrın 19-dək təxirə salındığı məlum olub. Məhkəmədə iştirak edən gənclərin qohumları hakimin hadisə ilə bağlı yetərincə dəlil olmadığı üçün belə qərar qəbul etdiyini bildiriblər.
Qeyd edək ki, saxlanılanlar Qızılhacılı kəndində yaradılan 48 saylı seçki məntəqəsində seçkilər günü baş verən qarşıdurmada iştirakda təqsirləndiriliblər. Gürcüstan DİN-i keçirdiyi xüsusi brifinqdə saxlanılan azərbaycanlı gənclərin Rustavi şəhər məhkəməsinin Gürcüstan CM-nin 163 və 353-cü maddələrinə əsasən verdiyi qərar əsasında həbs olunduğu bildirib.
Hadisədən sonra gənclərin qohumları polis idarəsinin qarşısında etiraz aksiyası keçirərək onların tezliklə azad olunmasını tələb ediblər. Bir az keçdikdən sonra gənclərdən biri azad edilib.
Xatırladaq ki, baş verən qarşıdurmada Qızılhacılı orta məktəbinə ziyan dəyib və polis nəfərləri yaralanıb. Hadisədən xəbər tutan Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili oktyabrın 8-də Marneulidəki xəstəxanaya gələrək xəsarət alan polislərə baş çəkib.