Bakı-APA. Mayın 15-də İstanbulda Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili arasında ikili görüş keçiriləcək.
APA-nın “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, Eşton və Cəlili aprelin əvvəlində Almatıda “altılıq” dövlətləri ilə baş tutmuş son danışıqların nəticələrini müzakirə edəcək.
Xatırladaq ki, aprelin 4-6-da Almatıda İran və “altılıq” ölkələrinin (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya) nümayəndələri arasında İranın nüvə problemi üzrə danışıqlar aparılıb. Ketrin Eşton “altılıq” ölkələrinin nümayəndəsi qismində çıxış edir. Müzakirələrin növbəti raundunun vaxtı hələlik müəyyən edilməyib.
ABŞ, bir sıra Qərb dövlətləri və İsrail İrandan dinc atom proqramı adı altında nüvə silahı hazırlamaqda şübhələnirlər. Rəsmi Tehran bəyan edir ki, onun nüvə proqramı yalnız ölkənin elektrik enerjisinə olan tələbatını ödəməyə yönəlib.