Bakı-APA. Türkiyə-Rusiya münasibətlərinin pozulması hərbi çevrilişə cəhdin məqsədlərindən biri olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu fikri hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini, deputat Mətin Külünk bildirib.
“Hadisələrə bütövlükdə nəzər saldıqda, çevrilişə cəhdin məqsədlərindən biri də Türkiyə-Rusiya münasibətləri olub... Son üç il ərzində bəzi qüvvələr israrla Obama-Putin-Ərdoğan əlaqələrini pozmağa çalışıblar. O qüvvələr ki, Rusiyanı Türkiyədən ayırmağa, bu iki ölkə arasında münasibətləri pozmağa çalışıblar. Ərdoğanın Rusiyaya dair son addımını nəzərə alsaq, çevrilişə cəhdin arxasında Rusiya-Türkiyə münasibətlərinin normallaşmasından qorxanların durduğunu inkar etmək mümkün deyil”, - deyə Külünk “Sputnik”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulması tələ, çevrilişə hazırlıq olub. Rusiya təyyarəsinin vurulması və çevrilişə cəhd – eyni prosesin tərkib hissədir”, - deyə Külünk qeyd edib.